Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


03/11/2022

Azərbaycanın tərəqqisində aparıcı qüvvə

Siyasi partiyalar nəzəriyyəsinin yaradıcısı hesab edilən fransalı politoloq Moris Dyüverje siyasi təşkilatların üç yaranma səbəbini göstərir: elektorat, parlament və xarici təsir nəticəsində yaranmış partiyalar. Siyasi partiyalar özlərinin müasir formasını təqribən ötən əsrin 50-ci illərində alıblar. Bundan əvvəl isə partiyalar 3-4 əsr müddətində müxtəlif maraq çərçivələrində fəaliyyət göstəriblər - Renessans dövrünün klubları, inqilabi assambleyalar, xalq klubları, fəlsəfi cəmiyyətlər və s. İstisna kimi yalnız ABŞ-dakı siyasi təşkilatları göstərmək olar. XIX əsrin ortalarında Amerikada müasir partiyaların rüşeym formatı artıq fəaliyyətdə idi. Dyüverjenin yazdığı "Siyasi partiyalar" kitabı böyük ölçüdə aktuallığını qoruyub saxlasa da, ötən müddət ərzində partiyaların ərsəyə gəlməsi üçün səbəb rolu oynayan rəngarəng faktorlar meydana çıxıb.


Partiyalar müxtəlif profillidirlər. Siyasi təşkilatların sabitliyi klassifikasiyasına nəzər yetirsək, burada da çeşidli növlərlə rastlaşa bilərik. Partiyalar var mövcud olduqları dövrün reallıqları hesabına fəaliyyətdədirlər, zaman keçdikcə zəifləyib meydanı tərk edirlər. Siyasi liderlər ətrafında formalaşan partiyalar var - liderin yoxluğu partiyanın da yoxluğu deməkdir. Müxtəlif siyasi görüşlü qüvvələrin bir anda maraqlarının uzlaşmasından doğan siyasi təşkilatlar var ki, ciddi fikir ayrılığı nəticəsində bu koalisiya parçalanmağa məhkumdur.


Partiyaların bütövlüyü və dayanıqlılığını şərtləndirən mühüm amillərdən biri və ən vacibi ideologiyadır. Qardaş Türkiyənin siyasi həyatına nəzər yetirdikdə firqələrin çoxluğu gerçəkliyində yalnız bir neçə siyasi təşkilatın sabit ideoloji və elektorat əsaslara malik olduğunu görə bilərik. Bu, sol-mərkəzçi ideologiyanın daşıyıcısı olan elektorata əsaslanan Cümhuriyyət Xalq Partiyası, millətçi palitranın əvəzedilməz təmsilçisi Milliyyətçi Hərəkat Partiyası və digər ikisinə nisbətən yaşca cavan, ancaq güclü lider Rəcəb Tayyib Ərdoğan və "Yeni Türkiyə", "dominant Türkiyə" ideyası ətrafında formalaşan, mühafizəkar qismə istinad edən Ədalət və İnkişaf Partiyasıdır. Digər siyasi təşkilatlar bu üç platformaya bu və ya digər formada aidiyyətləri olan, lider ətrafında, yaxud fərqli, alternativ siyasi dünyagörüşü axtaran elektorata söykənən partiyalardır.


Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası yaranması, mövcudluğu və sabitliyi nöqteyi-nəzərdən yuxarıda qeyd etdiyimiz klassifikasiya ilə məhdudlaşmır. YAP-ın siyasi arenada meydana gəlməsi fikrimcə, hər hansı çərçivə ilə ölçülməməlidir. Çünki bu partiya həm geniş xalq kütlələrinin tələbi ilə, həm sosial sifariş olaraq, həm də güclü lider ətrafında ərsəyə gəlib. YAP 30 il əvvəlki ictimai-siyasi durumun çətinliklərindən yaranıb, xalqın düşdüyü çıxılmaz situasiyanın diktəsi ilə bərqərar olub. Onun təsis edilməsi elektoral, sosial sifarişlə lider faktoru arasında bağlanmış ictimai müqavilənin, anlaşmanın, razılığın məhsuludur.


Bir anlıq 30 il əvvələ qayıdaq və xalqımızın həmin mürəkkəb vəziyyətdə, gənc dövlətçiliyimizin süqut etməkdə, tarixi düşmənimizin şəhər və kəndlərimizi bir-birinin ardınca işğal ediyini və Azərbaycanın bir neçə hissəyə parçalanaraq bütöv dövlət kimi tarixin səhnəsini tərk etməkdə olduğunu göz önünə gətirək. Xalq bu gerçəkliyə reaksiya verir, bütöv bir orqanizm olaraq çıxış yolları arayır, ancaq həmin an üçün əhalinin bütün təbəqələri tərəfindən qəbul edilən, nüfuz sahibi olan, güclü iradəyə malik lideri yoxdur. Təbii ki, bu halda hadisələrin hansı ssenari ilə cərəyan edəcəyini proqnozlaşdırmaq belə qorxuludur.


Mövcud reallığın sifarişi ilə, xalqın təkidli istəyindən doğan və güclü siyasi lider - ulu öndər Heydər Əliyevin nüfuzu və iradəsi ətrafında formalaşan YAP sabitliyini və siyasi xəttinin davamlılığını zamanın sınaqlarından çıxmaqla qazanıb. Bir cümlə ilə ötən 30 ilə qiymət verməli olsaq, YAP ölkənin dərin ictimai-siyasi, iqtisadi böhrandan xilası, dövlətçiliyin möhkəmlənməsi, oturuşmuş siyasi və hüquqi sistemin yaranması, iqtisadi tərəqqi, dövlətin mövcudluq sütunu olan ordu quruculuğu və başda işğal altında olan torpaqların azad edilməsi kimi ümummilli problemlərin həllində aparıcı qüvvə qismində çıxış edib. Bütün bunlar müasir siyasi partiyanın sistemli fəaliyyəti üçün tələb edilən bir sıra amilləri özündə ehtiva edir. Birincisi, belə bir şanlı fəaliyyət yolu partiyanın sabitliyinə dəlalət edir, yaxud sabitlik özü bu yoldan doğur. İkincisi, şərəfli tarix qarşıya qoyulan məqsədlərin və ümumxalq miqyaslı problemlərin çözümündə ardıcıllıq faktorunu təmin edir. Nəhayət üçüncüsü, bu sabitlik və ardıcıllıq ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq ideologiyasını tamamlamış olur.


Sabitlik, ardıcıllıq və ideologiya ənənələr formalaşdırır. Biz müasir Azərbaycanın simasında bu ənənələri aydın şəkildə görürük. İlk növbədə dövlət başçısı, partiyamızın lideri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlət idarəçiliyi fəlsəfəsində. Heydər Əliyev ənənələri və prinsipləri bütün sahələrdə davam etdirilir: xalqa güvən, siyasi iradə və qətiyyət, sürətli iqtisadi inkişaf, sosial rifaha söykənən daxili siyasət, dövlətimizin dünyadakı nüfuzunun yüksəkdə tutulması.


Unudulmaması vacib olan daha bir mühüm məqam həm ulu öndər Heydər Əliyevin, həm də dövlətimizin başçısı İlham Əliyevin gənc nəslə olan inamı və etibarıdır. Bu xətt özünü bir tərəfdən partiya quruculuğu və idarə olunmasında, digər tərəfdən isə müasir dövlətçilik fəlsəfəsində büruzə verir. Partiyada da, dövlətdə də gənc kadrlar irəli çəkilir, onlara məsuliyyətli vəzifələr etibar edilir. Daha böyük miqyasda isə yeni-yeni kadrların təhsili və formalaşması üçün baş rolda güclü dövlət dəstəyi çıxış edir: istedadlı gənclərin müasir təhsil ocaqlarında tədrisi stimullaşdırılır və dəstəklənir. Məhz bu səbəbdən, YAP ölkəmizin və regionumuzun ən köklü siyasi partiyası olmaqla yanaşı, həm də gəncliyin, gənc dünyagörüşünün mənbəyidir. Bu, partiyanın kütləviliyini şərtləndirən ən vacib amillərdən biridir. YAP hər zaman Azərbaycanın tərəqqisində aparıcı qüvvə olacaq!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ