Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Baltik ölkələri Avropa strukturları ilə inteqrasiya üçün mühüm istiqamətdir

14/02/2022

"Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyətimizin 2022-ci il fevralın 1-8-də Baltik dövlətlərinə uğurlu səfəri və onun nəticələri həm parlament diplomatiyası, həm də bütövlükdə dövlətimizin bu regionun təmsilçiləri ilə münasibətləri baxımından olduqca önəmlidir. Bizim Latviya, Litva və Estoniya ilə ənənəvi olaraq çox pozitiv və qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərimiz mövcuddur. Coğrafi baxımdan aramızda böyük məsafənin olmasına baxmayaraq, iqtisadi əlaqələrimiz, ticarət dövrüyyəmiz var və biz bu münasibətləri daha da inkişaf etdirə bilərik".

 

Bu sözləri Modern.az-a spiker Sahibə Qafarovanın Batikyanı ərazilərə səfərinin önəmli nəticələrindən danışarkən deputat Elnur Allahverdiyev deyib. O bildirib ki, Milli Məclisin nümayəndə heyətinin səfəri çərçivəsində tərəflər – həm Azərbaycan, həm də Latviya, Litva və Estoniya əməkdaşlıq əzmini növbəti dəfə nümayiş etdirdilər:

 

"Səfər tərəflər arasında qanunvericilik sferasındakı münasibətlərin səviyyəsini yüksəlməklə yanaşı, Azərbaycanın region ölkələri ilə iqtisadi təmaslarını daha da intensivləşdirməyə xidmət edəcək.

 

Baltikyanı dövlətlərlə münasibətlər bizə siyasi aspektlərinə görə də çox vacibdir. Latviya, Litva və Estoniya Avropa Birliyinin üzvləridirlər və onlarla sıx münasibətlərimiz bizim üçün Avropa strukturları ilə inteqrasiya yönündə prioritet istiqamətdir. Bu dövlətlərin birləşdiyi Baltik Assambleya (BA) ilə əməkdaşlıq dövlətimizin xarici siyasətinin, o cümlədən parlament diplomatiyamızın mühüm tərəflərindən biridir. Biz bu təşkilatla həm birbaşa, həm də GUAM Parlament Assambleyası üzərindən əməkdaşlıq edirik, onların tədbirlərinə dəvət olunuruq. BA-da Skandinav ölkələri amili var. Skandinaviya dövlətləri bu bölgəyə həm siyasi, həm də iqtisadi baxımdan nüfuz edirlər. Bizim isə Skandinaviya bölgəsi təmsilçiləri ilə əlaqələrimizi dərinləşdirməyə ehtiyac var. Tutduğumuz xətt bundan ibarətdir ki, bu istiqamətdə Baltik ölkələri bizim üçün bir körpü rolunu oynaya bilərlər.

 

BA digər Avropa parlamentlərarası qurumlar – Benilüks Parlamenti, Skandinav ölkələrinin parlamentlərini birləşdirən Şimal Şurası, Vışeqrad qrupu ilə münasibətlərin inkişafı və möhkəmlənməsi üçün ciddi platformadır. Azərbaycan adıçəkilən parlamentlərası təşkilatlarla münasibətlərin inkişafında maraqlıdır. Bu baxımdan, assambleya üzvləri – Latviya, Litva və Estoniya ilə təmaslarımızın dərinləşməsi və intensivləşməsi Azərbaycanın maraqlarına cavab verir və adıçəkilən Avropa parlamentlərarası qurumlarda gözləntilərimizə uyğun rəyin formalaşması istiqamətində olduqca əhəmiyyətli xarici siyasət alətinə çevrilə bilər.

 

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətimizin Baltik regionu təmsilçilərinə səfəri bu dövlətlərdə Azərbaycana münasibətdə dərin hörmət və ciddi marağın olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan parlamentinin sədri hər üç ölkədə ali rəhbərliyin bütün təmsilçiləri ilə görüşlər keçirdi. Prezident, parlament rəhbəri, hökumət başçısı, xarici işlər naziri səviyyəsində hər üç dövlətdə baş tutan görüşlər əzrində Milli Məclisin sədri tək parlamentlərarası münasibətlər deyil, həmçinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı mövzusunda da çoxsaylı və ətraflı müzakirələr apardı. Hər üç dövlət prezidentlər, parlamentlər, hökumət rəhbərləri səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və indiyədək də bu mövqedə olduqlarını bir daha vurğuladılar. Bu ölkələrin parlamentlərinin Azərbayacanla dostluq qrupları Vətən müharibəsi başa çatandan sonra müxtəlif vaxtlarda işğaldan azad olunan torpaqlarımıza səfərlər ediblər. Müharibə ərzində Azərbaycana dəstək nümayiş etdirən bəyanatlarla çıxış edib, Xocalı soyqırımı ilə bağlı mühüm açıqlamalar veriblər".  

 

Deputatın fikrincə, maraqlı məqamlardan biri də budur ki, keçirilən görüşlər zamanı qarşı tərəfin rəhbər şəxsləri Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərində həyata keçirilən quruculuq layihələri ilə ciddi maraqlandıqlarını biruzə verirdilər: 

 

"Bu ölkələrin şirkətləri Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən işlərdə iştirak etmək niyyətindədirlər. Bu istək Estoniyada daha qabarıq biruzə verilir.

 

Bütövlükdə, səfərin kifayət qədər uğurlu keçməsinin bir sıra obyektiv səbəbləri var:

 

Birincisi, Azərbaycan dövlətinin artan siyasi nüfuzu və çəkisi Baltikyanı dövlətlərdə də diqqətlə müşahidə olunur. Dövlətimizin beynəlxalq nüfuzu hər yerdə olduğu kimi, burada da diqqət mərkəzindədir;

 

İkincisi, ölkəmizin iqtisadi gücü və potensialı region dövlətləri üçün maraq obyektidir. Baltik regionu ərazimizdən keçən Şimal-Cənub dəhlizindən istifadədə maraqlıdır. Bu dəhlizlə kəsişəcək Zəngəzur dəhlizi region təmsilçilərinə Türkiyə və Yaxın Şərq bazarlarına yol aça bilər;

 

Üçüncüsü, Azərbaycanın 44 günlük II Qarabağ müharibəsindəki parlaq qələbəsi burada da yüksək dəyərləndirilir. Dövlətimizin hərbi gücü, incə, dəqiqliklə hesablanmış diplomatik gedişləri və xarici siyasəti, 30 ildən sonra kağız üzərində qalan BMT qətnamələrini öz imkanları ilə həyata keçirməsi Baltik regionunda diqqətlə araşdırılır. Bütün ərazilərimizdə suverenliyimizi bərpa etməyimiz beynəlxalq aləmdə nüfuzumuzun daha da yüksəlməsinin başlıca səbəblərindəndir.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tarazlı xarici siyasət, ölkəmizin əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər, qazandığımız diplomatik qələbələr bizə Baltikyanı regionla münasibətlərimizi inkişaf etdirməyə imkan verir. Bu məqsədin reallaşması istiqamətində Azərbaycan parlamentinin imkanları və parlament diplomatiyasının ciddi potensialı mövcuddur. Təbii ki, bu potensialdan yararlanmaq üçün konkret addımlar atılmalıdır. Milli Məclisin rəhbərliyi hər üç dövlətin parlamentarilərini bir daha ölkəmizə səfərə və erməni işğalından azad olunmuş ərazilərimizdə həyata keçirilən miqyaslı quruculuq işləri ilə tanış olmağa dəvət etdi. Paralel olaraq, dövlətimizin Baltik məkanı vasitəsilə Avropa strukturlarına daha sıx inteqrasiyası məqsədilə GUAM PA ilə sıx əməkdaşlıq edən BA-nın tədbirlərindən birinin Azərbaycan paytaxtında keçirilməsi təklif edildi. Estoniya rəsmiləri bu təklifi maraqla qarşıladılar. Düşünürəm ki, bizim BA-nın belə tədbirlərindən birini Bakıda reallaşdırmaq təklifimiz bu regionla əlaqələrimizin daha da inkişafına xidmət edə bilər".

Modern.az

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ