Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


30/09/2020

Hər bir xalqın rəhbəri onun aynasıdır

“Hər bir xalqın rəhbəri onun aynası, intellektual səviyyəsi, tarixi, bu günü və sabahıdır. Dövlət başçısı onu seçən xalqın müdriklik göstəricisidir. Çünki xalq rəhbərini seçir ki, onun arxasınca getsin. İstənilən yanlış seçim xalqı səhv yola yönəldər, onun illərdir əziyyətlə, minlərlə qurban verməklə qurduğu dövlət uçuruma yuvarlanar və sadəcə olaraq tarixdə qalar. Dünən Rusiyanın “Rossia 1” kanalının “60 dəqiqə” verilişində Azərbaycan və Ermənistan liderlərinin müsahibələri biz və erməni xalqı arasındakı səviyyə fərqini aşkar nümayiş etdirdi”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Prezident İlham Əliyevin “Rossia 1” kanalındakı çıxışını şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. 

“Azərbaycan lideri Paşinyana siyasət dərsini ilk dəfə Münhen Təhlükəsizlik Konfransında keçmişdi. O vaxt konfrans panelində keçirilən debatda Paşinyan nəinki dövlət adamı olmadığını, həm də tarix və özəlliklə Dağlıq Qarabağ problemi barədə məlumat kasadlığını nümayiş etdirmişdi. Həmin debatlardan sonra Ermənistanın əyalət təfəkkürlü lideri bütün dünya və öz vətəndaşları qarşısında gülünc obyektinə çevrildi. Məncə, hələ onda dünya birliyi Ermənistanın rəhbərliyində savadsız, bərbad ingiliscə danışan, dövlət adamına yaraşmayan tərzə malik bir şəxsin olduğunu görmüşdü. Bu, həm ATƏT-in Minsk qrupu həmsədrləri, həm də Paşinyanı hay-küy və entuziazmla hakimiyyətə gətirmiş erməni xalqı üçün xəbərdarlıq olmalı idi” – deyə E.Allahverdiyev bildirib.


Deputatın sözlərinə görə, “erməni xalqı Paşinyanın simasında rusiyalı auditoriyanın gözləri önündə biabır oldu. Xatırlayırsınızsa, Paşinyan az əvvəl BBC kanalının “Hard talk” verilişində özünü və xalqını naşılığı və bacarısızlığı ilə rüsvay etmişdi. 3 gündür hərbi əməliyyatlar başlayıb, onun davranışından açıq hiss olunur ki, təşviş və təlaş içindədir. Son iki ildir səsləndirdiyi ziddiyyətli bəyanatları hərbi gərginlikdən daha da tündləşib. Telefon əlindən düşmür. Gah dünya liderlərinə zəng edib bizdən və qardaş Türkiyədən şikayətlənir, gah Azərbaycana assimetrik cavab verəcəklərini deyir, gah parlamentdə “Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyaqmı” sualını səsləndirir, gah da deyir ki, erməni xalqının bütövlükdə mövcudluğu təhlükə altındadır. Ermənilərin neçə faizinin liderinə görə utandığını bilmirəm, ancaq bu vəziyyət istənilən xalq üçün üzücü mənzərədir”.

E.Allahverdiyev hesab edir ki, “Azərbaycan Prezidentinin yüksək siyasi intellekti, suallara səlis, soyuqqanlı, pafossuz, beynəlxalq hüquqa əsaslanan cavabları xüsusilə Rusiya ictimaiyyəti üçün Dağlıq Qarabağ probleminin gerçək mahiyyəti və səbəbləri, onun dondurulmuş vəziyyətdə qalmaqla potensial təhlükələri barədə müfəssəl informasiya olmalıdır. Açığı, bilmirəm Rusiya saytlarında anti-Azərbaycan mövqeli şərhlər yazan kontingent bu verilişə baxırdı, ya yox, ancaq hər halda kanalın statusu və yayılma arealının miqyası öz işini görəcək”.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti nəinki Dağlıq Qarabağ münaqişəsinin gələcəyi barədə aydın təsəvvür yaratdı, həm də Rusiya cəmiyyətinə Paşinyanın Moskva üçün təhlükəli və etibarsız ünsür olduğu barədə təsirli ismarıclar yolladı.

“Paşinyanın gəlişi ilə Ermənistanda Rusiya ilə bağlı olan nə var, sıxışdırılır. Rusiyameyilli siyasətçilər həbsə atılır, rus kapitallı şirkətlər gözümçıxdına salınır, son 200 ildə erməni xalqını himayə edən və tumarlayan dövlət barədə cəmiyyətin müxtəlif qatlarında nifrət aşılanır. İndi isə az qala hər gün Rusiya liderinə zəng edib yalvarır ki, Azərbaycanı hərbi əməliyyatları dayandırmağa razı salsın. Daxildəki gərgin vəziyyət, iqtisadi sıxıntılar, vədlərin reallaşdırılmaması Paşinyanın aqibətini müəyyən etmişdi. O, gec-tez siyasi hakimiyyətdən gedəcək. Ancaq Azərbaycan ordusunun sarsıdıcı zərbələri onun bu gedişini daha da rüsvayçı edəcək. Nəinki onun, ümumiyyətlə, Ermənistanda dövlətçiliyin gələcəyi olduqca qaranlıqdır” – deyə millət vəkili vurğulayıb.

Xatırladaq ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar və problemin həlli perspektivlərinə həsr olunmuş “60 dəqiqə” proqramının birbaşa yayınında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Nazri Nikol Paşinyan rusiyalı jurnalistlərin suallarını cavablandırıblar.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ