Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


12/05/2023

Ermənistanın başqa yolu qalmayıb

Regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə müşahidə olunur. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan regionda yeni reallıqlar yaratsa da, “bulanıq sular”da məkrli maraqlarını həyata keçirməyə çalışan imperialist güclər erməni revanşizmi, “erməni maşası”ndan istifadə edərək bunu pozmağa çalışır, “hakimlik” iddiasından əl çəkmək istəmədiklərini müxtəlif oyunlarla ortaya qoyurlar. 

- Elnur müəllim, regionun ictimai-siyasi, sosial-iqtisadi durumunu 44 günlük zəfər savaşı və ondan sonra yaranan reallıqlar fonunda necə dəyərləndirmək olar?

–  Otuz il ərzində həm biz, həm də dünya bəyan edirdi ki, Qarabağ problemi regionun iqtisadi dirçəlişinin qarşısını alan maneədir. Dünya bəyan edirdi, ancaq heç bir tədbir görmürdü. Zaman-zaman baxdıq ki, dünyanın göstərdiyi çıxış yolu bizim torpaqlarımızın itkisi ilə barışmağımız və ərazilərimizin güzəşti hesabına Ermənistanla sülhə gəlməyimizdir. Təbii ki, bununla razılaşa bilməzdik və 44 günlük Vətən müharibəsi, onun möhtəşəm nəticələri bunu sübut etdi. Dünyanın etmək istəmədiyini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz etdi. Azərbyacan həm dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin qəbul etdiyi qətnamələri həyata keçirdi, həm də yeni reallıqlar yaratdı. Hazırda baş verən proseslər yaranmış yeni gerçəkliyin nəticələridir. Düşünürəm ki, Ermənistanın məcbur olub yekun sülhə imza atmasından sonra tək bizi deyil, bütün bölgəni sürətli inkişaf, tərəqqi, iqtisadi çiçəklənmə gözləyir. Bu gün Azərbaycan bütün Cənubi Qafqazı arxasınca aparan lokomotivə bənzəyir. Həm təşəbbüskarı, həm də mərkəzi olduğumuz bir çox transmilli əhəmiyyətli layihələr bölgəmizə, o cümlədən Ermənistana da maliyyə rifahı gətirəcək.

– Təxribatları, müharibə ritorikası, eləcə də “beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqaza - Azərbaycana cəlb etmək” iddiası ilə Rusiya-Qərbi Avropa arasında çabalayan Ermənistan sülh danışıqlarını beynəlxalq miqyasa daşımaqla nəyə nail olmağa çalışır? Avropa İttifaqı və Rusiyada aparılan danışıqları heçə sayan Ermənistan ABŞ-dan “təsirlənib” sülhə imza atacaqmı?

– Təbii ki, biz ABŞ-da başa çatan 4 günlük müzakirələrin bütün detalları barədə məlumatlı deyilik. Ermənistandan fərqli olaraq Azərbaycan ciddi dövlətdir, sülh müqaviləsinin hazırlığı prosesi isə o qədər də sadə deyil ki, gedişatı dərhal bölüşülsün. Bununla belə, tərəflərin danışıqların yekunu ilə bağlı demək olar eyni məzmunda bəyanatla çıxış etmələri, bölgədəki vəziyyət onu deməyə əsas verir ki, yekun sülhə tərəf ciddi irəliləyiş mümkündür. Əslində, Ermənistanın başqa əlacı da qalmayıb. Zaman da göstərdi ki, İrəvanın bu iki il yarım ərzində sülhdən müxtəlif vasitələrlə boyun qaçırması əbəs və ilk növbədə ermənilər üçün itirilmiş zaman idi. Bölgənin işlərinə Fransanı cəlb etmək, İranda bizə qarşı qıcıq yaratmağın heç bir mənası yox idi. Yəqin, bunu anlayıblar və əslində, ABŞ da onlara məhz bunu başa salır.

Azərbaycan müharibədən dərhal sonra azad edilmiş əraziləri bərpa etməyə başladı. Milyardlarla vəsait xərclənir bu işlərə. Bu tikinti-quruculuğun mühüm bir hissəsini Zəngəzur dəhlizinə hesablanmış infrastrukturun inşası tutur. İndi sual olunur: Azərbaycan boş yerə bu işlərə bu qədər vəsait yatırır? Dəmir yolu, şaxələnmiş avtomobil yolları və bununla bağlı bütün infrastruktur. Zəngəzurla tək yük daşınmayacaq, həm də misal üçün, Avropaya “yaşıl enerji” ixrac ediləcək. Logistikanın üstünə bunu da gəlin. Hərdən adam təəccüb edir ki, İrəvandakıların içində iqtidarlı-müxalifətli bir nəfər, bir qüvvə varmı bu reallığı dərk etsin? Belə çıxır ki, yoxdur. Bunları güc yolu ilə, təzyiqlə məcbur etməsən anlamırmışlar. Ona görə də Ermənistanın əvvəl Rusiya ilə Avropanın arasında qalması, indi ABŞ-dan pənah gözləməsi həm onların ənənəyə uyğun olaraq vaxt uzadıb sülhdən qaçmaq istəklərindən, həm də siyasi gedişatı oxuya bilməmələrindən irəli gəlir. İrəvandakılar ölkələrinə Avropa Birliyindən hərbi müşahidəçiləri dəvət etdilər. İndi isə Paşinyan deyir ki, bunun xeyirdən çox ziyanı oldu. Bəs niyə dəvət edirdiniz?

– Məlumdur ki, Ermənistanla Azərbaycan arasında ABŞ-da 4 gün müzakirə edilən sənədin adı “münasibətlərin nizamlanması haqqında” olaraq dəyişdirilib. Orada vurğulanır ki, Ermənistan və Azərbaycanda yaşayan milli azlıqların maraqlarına hörmət edilməlidir. Belə olan halda Azərbaycanlı köçkünlərin öz yurdlarına - İrəvana qaytarılması ideyası ortaya çıxır və bu hansı şərt altında baş tuta bilər?

– Əslində, “milli azlıqlar” ifadəsinin sənədə daxil edilməsi gələcəkdə bu prosesin reallaşdırılacağından xəbər verir. Hansı yollarla, nə vaxt, hansı şərtlərlə, - bu, artıq texniki məsələdir. Əsas odur ki, konseptual olaraq mühüm reallıq qəbul edilib. Bilirsiniz, bu, həm dünya və ermənilər tərəfindən azərbaycanlıların qədim yurdlarında – indiki Ermənistanda tarixən mövcudluqlarının qəbul edilməsidir, həm də Qarabağda yaşayan ermənilərin “xalq”, “dövlət” deyil, etnik azlıq olmalarının. Fikrimcə, bu Azərbaycanın postmüharibə dövründə qazandığı ən parlaq diplomatik qələbələrindən biridir.

– Tarixi torpaqlarımıza, qaçqınlarımızın öz yurdlarına qayıdışı Zəngəzur yolunun açılması ilə gerçəkləşə bilər. Ermənistan və Rusiya üçtərəfli sazişə əsasən bu öhdəliyini yerinə yetirmir və üstəlik, qonşu İran Zəngəzur yolu açılacağı təqdirdə öz masalarında müharibənin başlanmasını müzakirə edirlər. İran Azərbaycana qarşı aqressiyasından niyə əl çəkmir və gərginlik ona nə vəd edir?

– Bu məsələyə Prezident Şuşada keçirilən konfransda aydınlıq gətirdi. İndi İran müxtəlif yollarla, üsullarla bizə barışıq təklif edir. Yəni müharibə edə bilsəydi, edərdi. Belə bir deyim var: əsas müharibə deyil, manevrlərdir. İranın son iki ildəki davranışı bu deyimin klassik praktiki əksidir. Zəngəzur dəhlizinin bir qolu İran ərazisindən keçir. Xatırlayırsınızsa, belə bir müqavilə imzalanıb. Axı niyə həmin Zəngəzur dəhlizi İranın öz ərazisi ilə keçəndə “qırmızı xətt” olmur, amma Ermənistandan keçəndə milli təhlükəsizliyə təhdid olur? Ona görə də bütün bunlara çox önəm vermək lazım deyil. Dövlətimiz də bunu edir, biz öz işimizi görürük.

Sualınızın Rusiya ilə bağlı hissəsinə cavab olaraq deyə bilərəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kimi, 10 noyabr Bəyanatının müddəalarını da özü reallaşdırır. Biz imzamıza hörmət edirik.

– Azərbaycan ərazilərində olan Rusiya sülhməramlılarının erməni separatçılarına dəstək verdiyini və özbaşına davranışlarını nəzərə alsaq, bizim üçün bu missiya hansı təhdidi yaradır və Rusiya sülhməramlıları üçtərəfli sazişə əsasən məlum öhdəlikləri yerinə yetirmirsə nə etməliyik?

– Siyasət maraqlar müstəvisində kimin qalib gələ bilmə sənətidir. Aydındır ki, hər tərəfin öz maraqları var. Rusiyanın da sülhyaradıcı missiyadan başqa hansısa geosiyasi gözləntiləri mövcuddur. Ancaq reallıq da budur ki, Rusiya-Ukrayna müharibəsi iki il bundan qabaq olan təsir mexanizmlərini, təzyiq alətlərini xeyli zəiflədib. Belə baxanda, sülhməramlılar hadisələrə hökm etmə gücündə deyillər. Missiya simvolik xarakter daşıyır. Laçında sərhəd-keçid məntəqəmiz fəaliyyətə başlayıb, hakim mövqelərə nəzarət edirik. İndi vəziyyət sırf Azərbaycanın humanizmə əsaslanan siyasəti müstəvisində müzakirə olunmalıdır. Bölgədəki separatçılar nə qədər tez reallıqla barışsalar, həm onlar üçün bir o qədər yaxşı olar, həm də daha bir 30 illik düyün açılar. Bizim səbrimizin həddi var və Azərbaycan bunu 2020-ci ildə göstərib. O ki qaldı sülhməramlılara, axı 10 Noyabr Bəyanatında onların xidmətinin konkret tarixlə məhdudlaşdığı göstərilir. Vaxt isə dayanmaq xüsusiyyətinə malik deyil.

– Ermənilər Rusiya sülhməramlılarından tələb edirlər ki, sərhəd-buraxılış məntəqəsini açsınlar. Fransa, AŞ PA, ABŞ da bu mövqeni sərgiləyir. Cənubi Qafqazın Azərbaycan bölgəsində üz-üzə dayanan bu güclər bizə qarşı hansı təhlükəli məqamı yaratmağa çalışır? Yeni müharibə ola bilərmi?

– Yeni müharibənin olacağı az gözləniləndir. Azərbaycan müharibədə 2020-ci ildə nöqtəni qoyub. Qeyd etdiyiniz mərkəzlərin hamısının bu və ya digər məsələlərlə bağlı sərgilədikləri onların hansısa gözləntilərindən qaynaqlanır. Konkret olaraq iqtisadi gözləntilərdən. Ermənistan rəhbərliyinin bədbəxtliyi ondadır ki, bu mərkəzlər maraqlarını ermənilərin hesabına reallaşdırmaq istəyirlər. Əslində tarixən belə olub. Fərq ondadır ki, Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Onların son iki əsrdə etdiklərinə dövlətimiz indi imkan vermir. Tarixin ədaləti bərpa olunur.

– Hazırkı reallıqda Fransa-Azərbaycan münasibətləri hansı istiqamətdə inkişaf edir?

– Fransa-Azərbaycan iqtisadi əlaqələrinin statistikasına nəzər yetirsəniz, müharibədən sonra Parisin nələri itirdiyinin şahidi ola bilərsiniz. Təəssüf ki, Fransa kimi tarixi və beynəlxalq münasibətlərdə nə vaxtsa çəkisi olan bir dövlət hazırda qeyri-ciddi imicə malikdir. Bu ölkənin xarici işlər naziri 24 saata bir məsələ ilə bağlı ən azı iki fərqli mövqedən çıxış edir. Geosiyasət Ermənistanla Fransa arasında müşahidə etdiyimiz məhəbbəti sevmir. Ələxüsus da tərəzinin bir gözündə iqtisadi maraqlar durursa… Odur ki, Fransa ilə münasibətlərimizin hansı istiqamətdə inkişaf edəcəyi onlardan asılıdır.

– Azərbaycanlı keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri hansı perspektivdən xəbər verir?

– Ən vacibi, məsələnin mənəvi tərəfidir. Yüzminlərlə soydaşımız 30 ildir həsrət olduqları yurdlarına dönəcək. Onların Qarabağı heç vaxt görməyən övladları ilə birlikdə. İkinci amil bu bölgənin Azərbaycanın iqtisadi məkanına qayıtmasıdır. Bu, büdcəmiz üçün böyük gəlir deməkdir. Mən daha bir məqamın üzərində dayanmaq istəyirəm. Bizi oradan qovanda sayımız nə qədər idi, indi neçə nəfərik? Erməni mənbələri məlumat verir, işğal dövründə Qarabağı 75 minədək insan tərk edib. Yəni münaqişə başlayanda nə qədər idilərsə, ondan 75 min nəfəri buranı tərk edib. Təbii ki, bu itkini Ermənistandan, Yaxın Şərqdən olan ermənilərlə kompensasiya etməyə çalışıblar. Onlar aydındır ki, yeni reallıqlarda yerli sakin sayılmayacaqlar. Əks tərəfdə isə artan Azərbaycan əhalisi var. Məsələn, Ağdam şəhəri işğaldan öncə 30 min nüfuza sahib idi, indi yeni şəhər 100 minlik əhali üçün tikilir. Məncə, bu amil Qarabağ bölgəsinin gələcəyini müəyyən edən ən mühüm məqam olacaq.


https://hafta.az/ermenistanin-basqa-yolu-qalmayib--elnur-allahverdiyev-342478-xeber.html

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ