Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


18/11/2020

Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir

Azərbaycanın Müzəffər Ordusu və diplomatiyasının son qələbələri indiyədək Ermənistanı gizli dəstəkləyən bəzi dövlətləri və qüvvələri maskalarını çıxarmağa məcbur edib. Onlar bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinin beynəlxalq hüquq və reallıqlara əsaslanması qarşısında acizdirlər, digər tərəfdən isə qəhrəman hərbçilərimizin döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməklə son 30 ilin status-kvosunu məhv etməsi ilə barışa bilmirlər. Çox böyük təəssüflə qeyd etməliyik ki, bu qüvvələrdən danışarkən biz ilk növbədə Fransanın adını çəkməliyik. 

Fransa o dövlətdir ki, ATƏT-in Minsk qrupunun üç həmsədrindən, BMT Təhlükəsizlik Şurasının beş üzvündən biridir. Fransa Dağlıq Qarabağ problemi ilə bağlı BMT TŞ-nin dörd qətnaməsinin qəbul edilməsinə səs verən ölkədir, yəni Fransanın Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmasını tələb edən sənədlərin altında imzası var. Bu baxımdan, bu dövlətin neytrallıq prinsipini kobudcasına pozub münaqişə tərəflərindən birini aşkar dəstəkləməsi bir yana, özünün imzasına hörmət etməməsi həqiqətən də tarixdə nadir rast gəlinən bir haldır. İndi biz deyə bilmərik, sərgilənən bu mövqe Fransanın hakim qüvvələrinin diplomatik iflasıdır, yoxsa onların həddindən ziyadə erməni sevgisinin nəticəsi. Ancaq fakt odur ki, bu ölkə mütəmadi olaraq ermənipərəst aksiyaları ilə yadda qalıb və Azərbaycan ictimaiyyətində Parisdə oturanların ədalətinə, neytrallığına və tərəfkeşsizliyinə inam qalmayıb. Bunun günahkarı ilk növbədə Fransa rəhbərliyinin özüdür. 

Biz unutmamışıq ki, Fransa saxta “erməni soyqırımı”nı ilk tanıyan dövlətlərdəndir. Fransa bu yanlış iddianı inkar edən şəxsin həbs edilməsinə sanksiya verən, bütün səviyyələrdə Ermənistana maddi və mənəvi yardım göstərən ölkədir. Erməni diasporu ilə sıx əməkdaşlıq edən dövlət orqanlarında milliyyətcə ermənilər təmsil olunur. 


İkinci Qarabağ müharibəsinin ilk günlərində hətta Fransa parlamentinə separatçı qurumun “müstəqilliyi”nin tanınmasını nəzərdə tutan təşəbbüsün keçirilməsi cəhdi olunub. Fransa Ermənistana frankofon birlik vasitəsilə güclü nüfuz etməkdədir. Fransanın Ermənistana səfər edən prezidentləri mütləq halda iki ölkə arasında olan siyasi, mədəni, humanitar münasibətlərin möhkəmliyi və sarsılmazlığına dair çoxsaylı bəyanatlar verir. 

İndi məlumatlar dolaşır ki, paytaxt Paris qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıya bilər. Təbii ki, gülünc və cılız təşəbbüsdür. Tanıyıb nə edəcəksiniz? Və ya nəyi, kimi tanıyacaqsınız? Belə bir qurum var ki? Nə qalıb ondan? Əhalisi qorxudan qaçıb sığınıb İrəvanın otellərinə, küçələrinə. Ordusu darmadağın edilib, sinələrinə döyən “liderləri” ağ bayraq qaldırıb Azərbaycan əsgərindən imdad diləyiblər. Əgər Paris boyda şəhər, Fransa boyda dövlətin paytaxtı bir qrup qorxaq, məğlub separatçını “dövlət” kimi tanıyacaqsa, nə yazıq Fransanın dünyadakı yeri və nüfuzuna, nə yazıq Fransanın sadə vətəndaşına. Çünki o vətəndaşın ödədiyi vergiləri Fransa dövləti belə mənasız, avantürist siyasi təxribatlara xərcləyir.
Yeri gəlmişkən, Paris meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. A.Toronyan fransız ermənilərin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. 2015-2018-ci illərdə Paris meri A.İdalqo Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb. İdalqo Ermənistanda yaradılmış “TUMO Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub. Paris meri seçkiləri keçirilən zaman A.İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar. A.İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə iştirak edib.

Belə görünür ki, bu dövlətin liderləri Azərbaycanın qələbəsi ilə yanaşı Rusiya və Türkiyənin uğurlu vasitəçiliyini də həzm edə bilmir, qısqanırlar. Fransa prezidenti Makron 44 günlük müharibə ərzində gah prezident İlham Əliyevə, gah Rusiya lideri Vladimir Putinə, gah da Ermənistanın məğlub və aciz baş naziri Paşinyana saysız-hesabsız zənglər edib. Böyük dövlətlərin başçılarına yaraşmayan tərzdə yüngülçəkili xarici siyasətə baş vuran Makron problemin Moskva və Ankaranın səyləri ilə normal məcraya yönəlməsini qəbul edə bilmir. Hər dəfə Moskva və Ankara tərəfindən belə demək mümkündürsə, “yola verilməsi”ni necə həzm edib, üstündən keçir, anlamaq çox çətindir. Müharibənin ilk günlərində ordumuzun üstünlüyünü görən Makron bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın nəzarətinə keçə bilməz. Sonra xarici işlər naziri ziddiyyətli və təzadlı bəyanatlarla yadda qaldı. Ancaq heç bir nəticə əldə edə bilmədilər. Fransa liderləri Ermənistanı özlərinin “kiçik bacıları” adlandırırlar. Bəlkə Paris diplomatik məğlubiyyətini qəbul edib döyüş meydanında rüsvay olan “kiçik bacısı”na ağıl versə, daha yaxşı olar? Fransada növbəti seçkilərə hələ çox var, o vaxtadək belə uğursuz təşəbbüslər Makronu həm öz vətəndaşlarının gözündən salır, həm də Parisin reputasiyasına ciddi zərbə vurur. Parisdəkilər bilməlidir ki, Afrika ölkələrində soyqırımı törətdikləri dövrdə yaşamırıq. Azərbaycan da o ölkələrdən deyil ki, Fransa kiçik “bacısı”na görə bizimlə hədə dilində danışsın. Status-kvo yoxdur, heç bir statusdan söhbət gedə bilməz, Qarabağ isə Azərbaycandır! Kimin xoşuna gəlmirsə, öz problemidir!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ