Milli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının 13-cü beynəlxalq toplantısı keçirilib

Bu gün Milli Məclisin inzibati binasında keçirilən Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib. Tədbir oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində baş tutub. Toplantıya BAF prezidentinin müşaviri Dominik Tilmans moderatorluq edib.
BAF-ın prezidenti Kley Mouri 1950-ci ildən etibarən keçirilən Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətindən danışıb. O, kosmos fəaliyyətinin yeni texnologiyaların inkişafına, insanların həyat şəraitinin yaxşılaşmasına, iqtisadiyyatın, elmin və təhsilin tərəqqisinə təsiri barədə fikirlərini bölüşüb, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sabah Bakı şəhərində işə başlayacaq 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində Azərbaycan Respublikasının Milli Məclisi və spiker Sahibə Qafarovanın adından dünyanın müxtəlif ölkələrindən olan parlament üzvlərini, hökumət nümayəndələrini və digər iştirakçıları salamlayıb. T.Mirkişili bildirib ki, 50 il bundan əvvəl - 1973-cü ildə Bakıda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 24-cü Konqres keçirilmişdi. Bu il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edirik. İndi ölkəmiz ən böyük kosmik hadisəyə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə 2023-cü ildə ev sahibliyi edir. Bu o deməkdir ki, Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra bölgəmizə qayıdır. Həm məzmununa, həm də iştirakçıların sayına görə bu konqresdə əvvəlkilərdən daha çox nümayəndə təmsil olunur.