
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında gündəlikdə olan 36 məsələ müzakirə olundu. Komitə sədri Tahir Mirkişili bildirdi ki, 27 məsələ bank sahəsində tənzimləmə sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, Mərkəzi Bankın funksiyalarının genişləndirilməsi ilə bağlı dəyişiklikləri nəzərdə tutur. Bu qanun layihələri ikinci oxunuşda müzakirə olunur. İclasda iştirak edən Mərkəzi Bankın sədri Taleh Kazımov qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı verilən sualları ətraflı cavablandırdı. O, inflyasiya ilə bağlı proqnozlar, uçot dərəcəsinin effektivliyinin artırılması, kredit faizlərinə dair vəziyyət və bir sıra digər məqamlar barədə fikirlərinj diqqətə çatdırdı.
Daha sonra tədbirdə gündəliyin digər 6 məsələsinə - birinci oxunuşda təqdim edilən “Avtomobil nəqliyyatı haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” Qanunda, “Lisenziyalar və icazələr haqqında” Qanunda və “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə qanun layihələrinə baxıldı. Burada daha çox maraq kəsb edən məsələ Bakıda taksi xidməti şirkətlərinin fəaliyyətidir. Sirr deyil ki, paytaxtda işləyən taksi avtomobillərinin sayı normadan 4-5 dəfə çoxdur. Bu özünü həm xidmətin keyfiyyətində, həm də sürücülərin maddi gəlirləri, iş rejimi kimi məsələlərdə də biruzə verir. Bu baxımdan, taksi fəaliyyətini tənzimləyən qanunlarda bu kimi problemlərin həllinə ehtiyac var. Ancaq məsələ taksilərin sayının azalması deyil, taksi gedişlərinin sayının tənzimlənməsindən gedir. Bu baxımdan, təklif olunan dəyişiklər bu sahədəki çatışmazlıqların aradan qaldırılması məqsədi daşıyır.