Bu gün seçicilərimiz və müraciət edən vətəndaşlarımızla növbəti görüşümüzü gerçəkləşdirdik. Müxtəlif məzmunlu problemləri dinlədik və qarşıdakı günlərdə onların müsbət yöndə həllinə yardımçı olmağa çalışacağıq.
Müraciətlərin bir qismi daşınmaz əmlak və tikinti problemləri ilə bağlıdır. Təəssüf ki, vaxtilə bir sıra inşaat şirkətləri şəxsi mənafeləri üçün sakinlərə münasibətdə heç də hər zaman şəffaf olmayan mexanizmlərdən istifadə ediblər. Təbii ki, belə hallarda vətındaşların özlərinin də ayıq-sayıq olmaları vacib idi. Bu gün bu məzmunlu şikayətlə müraciət edən bir neçə vətəndaşımızla görüşümüz oldu. Onların qarşılaşdıqları çətinliyi rayonumuzun icra orqanları ilə müzakirə edəcəyik və hüquqi müstəvidə mümkün köməyi göstərməyə çalışacağıq.
Dairəmizin ərazisinin bir hissəsi söküntü zonasına aid olduğundan təbii ki, bu səpkidə müraciətlərlə hər qəbulda rastlaşırıq. Kompensasiya və müvəqqəti qeydiyyat ən çox rast gəlinən problemlərdir.
Bu gün qəbulda bir qrup musiqi müəllimi ilə professional fəalliyyətləri ilə bağlı müzakirələrimiz oldu. Həmişə olduğu kimi, bu dəfəki görüşümüzdə də qazilərimiz və müharibə iştirakçılarımızla bir araya gəlməkdən zövq aldıq. Qazimiz Məmmədov İbrahimlə bir neçə dəfə görüşmüşəm. İbrahim çox bacarıqlı və zəhmətkeş gəncdir, gözəl əl qabiliyyəti var. Bu istiqamətdə öz işini qurmağa çalışır. Bu, çox sevindiricidir. Çünki bu qəhrəman övladlarımız müharibənin stresindın, ağır fəsadlarından yavaş-yavaş uzaqlaşırlar. Öz şəxsi işləri, məşğuliyyətləri bu yöndə onlara ciddi dəstək ola bilər. İbrahimə bu baxımdan uğurlar arzu edirəm!