Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


31/08/2020

Sərsəng SES haqqında nələri bilmirik?

Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsinə marağın XIX əsrin ikinci yarısından başlanılmasına baxmayaraq, bu sahənin intensiv inkişafı, geniş potensialın yaradılması, sahə üzrə perspektiv proqramların qəbul edilməsi Ulu öndərimiz Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969–1982–ci illərə təsadüf edir. Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında Mərkəzi Komitənin və ittifaq hökümətinin bir neçə tarixi qərarlarının qəbul olunmasına nail oldu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970–ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında” (1975–ci il), “1976–1980–cı illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976–cı il) qərarları qeyd etmək olar.
Həmin illərdə Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su anbarları və su elektrik stansiyaları, Mil–Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil–Muğan hidroqovşağı, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar–cibir magistral kanalları, Naxçıvan MR–da üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi–Muğan və Cənub–Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyekt tikilib istifadəyə verilib. Dağlıq Qarabağ ərazisində inşa edilən Sərsəng su anbarı mühüm iqtisadi əhəmiyyəti olmaqla yanaşı, ciddi siyasi və tarixi mahiyyət də daşıyırdı. Bu nəhəng layihə Dağlıq Qarabağda azərbaycanlıların sıx yaşadığı yerdə tikilməklə yerli əhalinin işlə təmin olunması, emmiqrasiya proseslərinin ləngidilməsi, gənc nəslin torpağa bağlılığı kimi mühüm əhəmiyyətə malik amilə xidmət edirdi.
Layihəyə 95 milyon manat vəsait xərclənmişdi. Bu,  6-cı beşillik ərzində respublikada su təsərrufatı qurğuları tikintisinə sərf edilən bütun vəsaitə bərabər idi. 126 metrlik tökmə bənd o dövr Avropada ən hündürlərindən biri idi. Vaxtilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının 100 min hektara yaxın əkin sahəsi buradan suvarılırdı. Sərsəng su anbarı dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə yerləşir.
Tarixçi-Qafqazşünas Türkan İlqarın bizə verdiyi məlumata görə, Sərsəng su anbarı  1976-cı ildə Ağdərə ərazisində Tərtər çayı üzərində xalq arasında “Qarı Körpüləri” kimi tanınan oykonimlərin üzərində inşa olunub. Ağdərədə 3 “Qarı körpüsü” mövcud olub. Birinci “Qarı körpüsü” Sərsəng dərəsində indiki su bəndinin qurulduğu yerdə qalıb. Maraqlıdır ki, əsatir və əfsanələrdə də yer almış körpülər bir varlı qadın tərəfindən tikdirilib. Körpülər çox etibarlı tikilib. 1970-ci illərdə bəndin məhz “Qarı körpüsü”nün tikildiyi yerdə inşa olunması planlaşdırılıb. Çünki həmin hissədə və ərazidə Tərtər çayının sağ və sol sahili sərt qayalardan və gələcəkdə yol çəkilə biləcək əlverişli coğrafi mühitdən ibarətdir. Bənddən bir qədər cənuba isə Torağay çayının Tərtər çayı ilə birləşdiyi yerdə qədim alban kilsəsi mövcuddur ki, Çar Rusiyası dövründə həmin kilsə 6-cı kolon deyilən (6-cı kolon kimi istifadə olunan XII-XIII əsrə aid Yegeş-Arakul məbədi (indi ermənilər Yerik Manquk, Yerikmatskavank adlandırırlar)) həbsxana kimi istifadə edilib. 1980-ci illərin axırlarında I Qarabağ müharibəsi başlayarkən  Ermənistandan Azərbaycana gələn terrorçu “saqqallılar” həmin kilsədən qərargah kimi istifadə ediblər. Hal-hazırda həmin məbəddə təmir işləri aparılıb və dünyaya erməni kilsəsi kimi təqdim edilir.
İkinci körpü Pələng qayası ilə üzbəüz “Cındırlı bulaq” deyilən hidronim istiqamətində mövcud olub, təəssüflər olsun ki, Sərsəng gölünün altında qalıb. Üçüncü “Qarı Körpüsü” isə təqdim olunan şəkillərdəki körpüdür ki, hal-hazırda yaxşı vəziyyətdədir və istifadə olunur. 
Hazırda erməni işğalında olan bənddə bərkitmə işləri görülmür. Su anbarı 40 ilə yaxındır tikilib və son 25 ildən çoxdur ki, burada təbii aşınma proseslərinə nəzarət edilmir və o, texnogen təhlükə mənbəyinə çevrilir. Baş verəcək hər hansı təbii kataklizm, zəlzələ və s. bəndin dağılmasına, regionun humanitar və ekoloji fəlakətinə səbəb ola bilər. Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi ölkəmizə ciddi  zərər vurub. Hazırda su anbarına və onun qurğularına 25 ildən artıqdır ki, texniki xidmət göstərilmədiyi üçün qəza vəziyyətindədir. Əgər təhlükəli vəziyyət yaranarsa, bəndin dağılması nəticəsində onun aşağı relyefindəki ərazilər sadəcə 1 saat ərzində suyun altında qala bilər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin hazırladığı “Azərbaycanın sərhəd rayonlarının əhalisi sudan məhrum edilmişdir” adlı qətnamə layihəsi erməni lobbisinin ciddi maneələrinə baxmayaraq, qurumun Büro iclasında müzakirə olunub və yekdilliklə qəbul edilib. Elə həmin gün Büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqlənib. Sərsəng su anbarı ilə bağlı 13468 saylı sənədi 11 ölkənin 27 deputatı imzalayıb. 
Sənəddə bildirilir ki, Assambleya problemin vacibliyini nəzərə alaraq bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, bununla əlaqədar tezliklə xüsusi ölçü götürməli, beynəlxalq ictimaiyyətə çağırış səsləndirmək üçün qətnamə layihəsi qəbul etməlidir. Sərsəngdə ekoloji faciə ilə bağlı Azərbaycan tərəfinin haqlı bəyanatlarının yalan olduğunu iddia edən Ermənistanın rəsmi nümayəndələri ölkələrinin beynəlxalq öhdəliklərdən imtina etməsini maliyyə çətinliyi ilə əsaslandıraraq ərazidə monitorinqin keçirilməsinə icazə verməyiblər. Amma yaradılan maneələrə baxmayaraq, AŞPA-nın qış sessiyasının (yanvar 26, 2016-cı il) iclasında deputatların səs çoxluğu ilə (98 lehinə 71 əleyhinə) Bosniyalı deputat Melitsa Markoviçin “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin sudan qəsddən məhrum edilməsi” adlı qətnaməsi qəbul edilib. Sənəddə Sərsəng su rezervuarının köhnəlmiş texniki qurğularının 25 ildən çox nəzarətsiz saxlanılması, əhalinin sudan istifadə imkanlarının məhdudluğu, nəticədə suvarılmadan məhrum yararsız torpaqların yerli sakinlər tərəfindən tərk edildiyi vurğulanır. 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ