
Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirildi. Günnüt əməliyyatı onların növbəti məğlubiyyəti idi. Düzdür o vaxt, sözün düzü, əməliyyat artıq keçiriləndən sonra mən göstəriş verdim ki, bu əməliyyat haqqında geniş məlumat verməyin. Çünki biz erməni rəhbərliyindən fərqli olaraq piar üçün yox, mahiyyət üçün işləyirik. Bizə mahiyyət lazımdır. Biz o əməliyyatı keçirdik. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox böyük məharətlə, peşəkarlıqla bir itki vermədən önəmli strateji yüksəklikləri aldı, mövqelərimizi möhkəmləndirdik. Ermənilər ayılıb gördülər ki, biz artıq oradayıq. Cürət etmədilər, qorxdular ki, bizi oradan çıxarmağa cəhd etsinlər. Artıq Ermənistandan Dağlıq Qarabağa gedən yol da bizim gözümüzün qabağındadır. Onlar bunu unutmasınlar. Biz görürük, hansı maşınlar keçir, necə keçir. Onlar bunu gizlədirdilər. Çünki Paşinyan təzə gəlmişdi və gələn kimi belə acı məğlubiyyət, alçaldıcı məğlubiyyət. Onlar da gizlədirdilər. Mən də hesab edirdim ki, gizlədirlər, biz də gizlədək. Birincisi, nəyə lazımdır? Biz istədiyimizə nail olmuşuq. İkincisi, yenə də deyirəm biz istəmədik ki, bu yolla əvvəlki hakimiyyətin əlinə bir arqument verək. Çünki o vaxt Ermənistanda vəziyyət lap ağır idi, indi də sabit deyil. Əgər o vaxt bu, dərhal bilinsəydi, ola bilər ki, hansısa daxili revanş hissləri üzə çıxa bilərdi. Amma sonra ondan əvvəlki hakimiyyətin jurnalistləri gəldilər gördülər ki, onların kəndinin başında Azərbaycan əsgərləri oturublar və onlara baxırlar. Yavaş-yavaş başladılar bu mövzunu istismar etməyə. Sonra artıq bu, üzə çıxanda mən də dedim ki, indi açıqlama verin nə etmişik, qoy, hamı bilsin.
https://www.facebook.com/watch/?v=12816225288558