Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Suqovuşan Azərbaycandır!

11/12/2020
Mətin Ordumuzun qəhrəman döyüşçüləri tərəfindən işğaldan azad edilmiş yurdlarımızdan biri də Suqovuşan qəsəbəsidir. İşğal dövründə ermənilər bu yaşayış məskənini Madagiz adlandırıblar. İşğaldan azad olunan kimi Prezident İlham Əliyev kəndə öz tarixi adını qaytarıb. Suqovuşan həm tarixi, həm də strateji baxımdan olduqca önəmli coğrafiyada yerləşir. Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsinə aiddir. Etimologiya görə, Tərtər və Torağay çaylarının birləşdiyi ərazi olduğu üçün adı Suqovuşandır. 
1943-cü ildə Suqovuşan kəndinə  şəhər tipli qəsəbə statusu verilib. 1949-cu ildən etibarən qəsəbə ərazisində mebel fabriki, əhəng istehsalı sexi fəaliyyət göstərməyə başlayıb. 1953-cü ildə orta məktəb açılıb. Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında erməni terrorçuları - Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib. 3 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Yeri gəlmişkən, M.Qriqoryan “tuşonka oğrusu” kimi tanıdığımız “general”dır. II Qarabağ savaşında cəbhəyə gəldi, gördü bu müharibə o müharibədən deyil, Yerevana qayıdıb xəstəxanaya yatdı və elə oradaca öldü.
Kənd ərazisində “Suqovuşan su anbarı” və su elektrik stansiyası yerləşir. “Suqovuşan su anbarı” Tərtərçay üzərində salınıb. Kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilib. Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. “Suqovuşan-1” 4.8 mqvt, “Suqovuşan-2” isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar “Artsax SES” QSC tərəfindən istismar edilib. “Artsax SES”in “səhm”lərinin böyük hissəsi İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesə məxsus olub. Sirmakes özünün kriminal keçmişi ilə diqqəti cəlb edib. O, həmçinin Zəngilanın Vejnəli qızıl yatağını da işğal illəri ərazində talamaqla məşğul olub.  
Suqovuşan kəndi ərazisində alban tarixinə aid tarix-memarlıq abidələri mövcuddur. Onlardan biri - Müqəddəs Yelisey məbədi XII əsrə aid Alban məbədidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılıb, iri əsas kilsə binası, 6 kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilib. Bu monastırda vaxtilə alban çarı III Vaçaqanın qəbri olub, sonradan ermənilər tərəfindən dağıdılıb. 
Erkən orta əsr tarixçilərinin məlumatlarına görə, Albaniya hökmdarı Mömin III Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Bir sıra iri tikililər onun adı ilə bağlıdır. Müqəddəs Yelisey monastır kompleksi bu tikililər arasında xüsusi yer tutur. Rəvayətə görə, məbəd Qafqaz Albaniyasında xristianlığı ilk dəfə təbliğ etmiş  Müqəddəs Yeliseyin şərəfinə tikilib. Abidədəki yazılar bunu təsdiq edir. Lakin yazılar arasında elələri də var ki, burada qədim tikililərin mövcud olması fikrinin xeyrinə dəlillər verir. Baş kilsənin divarında həkk olunmuş yazıda deyilir: "Mən, arxidyakon Serob bu müqəddəs guşədə əvvəlki özül üzərində müqəddəs apostolun kilsəsini tikdirdim". Bu ilkin tikilinin tədqiqi məqsədilə əsas kilsənin Şərq divarı yanında arxeoloji qazıntılar aparılıb. Qazıntılar nəticəsində xeyli qədim tikinti qalıqları və məişət əşyaları aşkar edilib. Müqəddəs Yelisey məbədinin biri də Şəki rayonun Kiş kəndində yerləşir. Digər adı da Kiş kilsəsidir. Daha biri isə Oğuz rayonundadır.
Sözügedən ərazidə  “Qarı körpüsü” deyilən qədim körpülər var. Ermənilər bu körpüləri “Paravi” (tərcümədə “qoca qarı”) adlandırırlar. Ağdərədə 3 “Qarı körpüsü” mövcud olub [Cavid Bağırzadə.Ağdərə IV-XIII əsrlərdə. Bakı 2014. 126 s. s.46]. Birinci “Qarı körpüsü” Sərsəng dərəsində indiki su bəndinin qurulduğu yerdə qalıb. Bənddən bir qədər cənuba isə Torağay çayının Tərtər çayı ilə birləşdiyi yerdə qədim alban kilsəsi - XII –XIII əsrə aid Yegeş-Arakul məbədi (indiki adı Yerik Manquk (Yerikmatskavank) yerləşir ki, çar Rusiyası dövründə həmin kilsə həbsxana kimi istifadə edilib. 1980-ci illərin axırlarında I Qarabağ müharibəsi başlayarkən  Ermənistandan Azərbaycana gələn “saqqallılar” həmin kilsədən qərargah kimi istifadə ediblər. Hazırda erməni kilsəsi kimi təqdim edilir.
İkinci körpü Pələng qayası ilə üzbəüz “Cındırlı bulaq” deyilən hidronimin tuşunda mövcud olub, təəssüflər olsun ki, Sərsəng gölünün altında qalıb. Üçüncü “Qarı körpüsü” isə hazırda Suqovuşan kəndində yerləşir, yaxşı vəziyyətdədir və istifadə olunur.
Dostlar, Vətənimizi yaxşı tanıyaq və qoruyaq ki, yağı əllər bir daha ona doğru uzanmasın!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ