Təbiətin ruha lay-lay dediyi şəhər: Şuşa!
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın sadəcə qədim tarixi, zəngin mədəniyyəti, strateji əhəmiyyəti, mənəvi önəmi ilə deyil, həm də öz təbiəti, qeyri-adi gözəlliyi ilə də ölkəmizin ən dilbər guşələrindən biri olduğu şübhəsizdir. Hər zaman öz yaşıllığı, ekzotik gözəlliyi ilə diqqət çəkən Şuşa suyu, havası, ekoloji təmizliyi, təbii gözəlliyi ilə insan ruhunu sözün həqiqi mənasında ovsunlayır, onun qəlbini və düşüncəsini fəth edir. Burada təbiətin gözəlliyi, onun harmoniyası özünü elə parlaq boyalarla büruzə verir ki, bu ilahi cazibənin təsir dairəsindən çıxmaq, onu “göməzdən gəlmək” və ya ona “müqavimət göstərmək” mümkün olmur.
Bəlkə elə buna görədir ki, ömründə bir dəfə belə olsun Şuşaya səfər edən insan artıq heç vaxt onu, bu “yaşıl şəhər”in füsunkar təbiətini unuda bilmir. Şuşa bu insanların qəlbində və düşüncəsində özünə əbədi yer edir.
Ağ fosfor mərmilərinə hədəf olan Şuşa təbiəti...
Təəssüflər olsun ki, vaxtiylə erməni işğalı altında qalan digər şəhərlərimiz kimi Şuşa, onun təbiəti də 30 ilə yaxın işğal dönəmində erməni vandalizminin dağıdıcı təsirinə məruz qalıb. Vətən Müharibəsi dönəmində Şuşa meşələrinin ermənilər tərəfindən məqsədli şəkildə yandırılması, təbiətin qətlə yetirilməsində hərbi kimyanın müasir və qadağan edilmiş nailiyyətlərindən olan ağ fosfor bombalarından istifadə edilməsi, Şuşa təbiətinin necə böyük qətliyama məruz qalmasının isbatıdır. Bu baxımdan Şuşanın tarxi, mədəniyyəti, infrastrukturu ilə yanaşı, onun təbiətinin də 30 illik işğal dönəmindən böyük yara və ağrılarla çıxdığı birmənalıdır.
Ona görə də, bu gün dövlət və xalq olaraq Şuşa ilə bağlı qarşımızda duran əsas vəzifələrdən biri həm də onun təbiətini bərpa etmək, onu gələcək nəsillərə əzəli gözəlliyi ilə çatdırmaqdır. Bu baxımdan, Şuşanın təbiətinin qorunub saxlanılması, bərpa və inkişaf etdirilməsi ilə bağlı səsləndirilən bütün təkliflərin dəyərləndirilməsi ciddi ehtiyac var. Hansı ki, Şuşanın zəngin təbiətinin, ekologiyasının qorunmasının ən effektiv üsullarından biri, millət vəkili Elnur Allahverdiyevin təklif etdiyi kimi, onun “ekoloji şəhər” elan edilməsi ola bilər.
“Şuşanın hər qarışı bizim üçün dəyərdir, irsdir”
Məlumat üçün qeyd edək ki, hörmətli millət vəkili oxu.az-a açıqlamasında Şuşanın “ekoloji şəhər” statusu almasını onun təbiətinin, ekologiyasının qorunmasın baxımından faydalı hesab edir, bunun üçün bütün şərtlərin mövcudluğuna diqqət çəkir:
“Qarabağda şəhərlərimiz yenidən tikiləcək. Bu, bizə imkan verir ki, ekoloji problemlərə diqqət yetirək. İnfrastrukturun yaradılmasında ekoloji standartlara cavab verən yeniliklərdən istifadə edə bilərik. Tikinti materiallarının seçimində ekoloji cəhətdən təmiz vasitələrə üstünlük vermək olar.
Komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi zamanı təklif etdim ki, Şuşa ekoloji təmiz şəhər elan olunsun. Eko-şəhər üçün Şuşada bütün tələb olunan şərait var. Tarixi şəhərimizdir, mədəniyyət paytaxtımızdır. Şuşanın hər qarışı bizim üçün dəyərdir, irsdir. Şuşanın təbiətinin şəffaflığı, suyunun təmizliyi, havası imkan verir ki, bu qədim məskənimizi ekoloji şəhər elan edək və onun xalqımız üçün necə böyük əhəmiyyət kəsb etdiyini dünyaya göstərək.
Biz gördük ki, 27 il nəzarətlərində olmasına baxmayaraq, ermənilər Şuşada heç bir layihə, mədəni, tarixi əhəmiyyətli tədbir, tarixi abidələrin bərpası işlərini həyata keçirə bilməyiblər.
Aydındır ki, Şuşa onların şəhəri deyil. XIX əsrin ortalarında inşa olunmuş kilsədən başqa Şuşada erməni tarixini əks etdirən heç nə yoxdur. İndi biz şəhərimizi qaytarıb onu mədəniyyət paytaxtımız elan etmişik. Məncə, əgər Şuşa bizim mədəniyyət paytaxtımızdırsa, oradakı tarixi abidələri, binaları bərpa edib qorumaq istəyiriksə, Şuşaya bir ekoloji şəhər, yaşıl şəhər statusu da verə bilərik”.
Millət vəkili bu ideyanı reallaşdırmaq üçün konkret təkliflər də səsləndirir. Elnur Allahverdiyev hesab edir ki, Şuşanın ekologiyasını qorumaq, onun ekoloji təmizliyini təmin etmək üçün şəhərdə ən müasir nəqliyyat vasitələrindən hesab edilən elektrik enerjisi ilə çalışan avtomobillərin istifadəsi tətbiq edilə bilər:
“Biz tutaq ki, Şuşada ancaq elektrik enerjisi ilə çalışan avtomobil, nəqliyyat vasitələri və digər texnologiyanın tətbiqinə icazə verə bilərik. Fikrimcə, ideyanın özü müsbət qarşılanarsa, ekoloji standartların tətbiqi üçün görüləcək işlərin geniş planını hazırlamaq olar. Əminəm ki, özəl sektor bu təşəbbüsə dəstək verər. Prezident cənab İlham Əliyev ölkəmizdə müasir texnologiya, süni intellekt və s. bu kimi yeniliklərin tətbiqinə hər zaman dəstək verib. Azərbaycan bu gün o ölkələrdəndir ki, Beşinci sənaye inqilabına hazırlıqlar görür, dünyanın aparıcı texnoloji şirkətləri bizə hədsiz maraq göstərirlər.
Qoy görsünlər ki, 27 il ərzində Livandan, Yaxın Şərqdən gətirdikləri etnik ermənilər hesabına bu şəhərə yalnız 3-4 min sakin yığa bilən Ermənistandan fərqli olaraq, biz Şuşaya qayıdıb, onu bərpa etməklə yanaşı, həm də təbiətin qayğısına qalırıq”.
“Ekoloji şəhər” statusu bu şəhərlərin təbiətini daha effektiv şəkildə qorumağa imkan verir
Dünya praktikasına nəzər salsaq, Elnur Allahverdiyevin bu təşəbbüsünün tamamilə düzgün və yerində olan bir təklif olduğu, bu təklifin reallaşmasının doğma Şuşamızın ekologiyasını etibarlı şəkildə qorunmasına böyük töhfə verəcəyi aydın olar. Unutmaq olmaz ki, dünyanın bütün qabaqcıl ölkələrində ekoloji təmizliyi və təbiəti ilə daha çox diqqət çəkən şəhərlərin ekologiyasını qorumaq üçün onların “ekoloji şəhər” elan edilməsi praktikası mövcuddur. Hansı ki, bu praktika sadəcə həmin şəhərlərin ekologiyasını qorumur, həm də onu əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir.
“Ekoloji şəhər” statusu həmin şəhərin təbiətini daha etibarlı və effektiv şəkildə qorumağa imkan verir ki, bu da bir sıra amillərlə əlaqədardır. “Ekoloji şəhər”lərdə ekologiyaya daha az ziyan vuran müasir avtomobillərin, o cümlədən elektriklə çalışan maşınların fəaliyyətinə xüsusi diqqət yetirilir. Çay və dəniz sahilində yerləşən “ekoloji şəhər”lərdə su nəqliyyat sistemlərinin inkişafı da diqqət mərkəzində olur. Avropanın bu qəbildən olan bəzi şəhərlərində isə həm ekologiyanı qorumaq, həm şəhərin ekzotik gözəlliyini artırmaq, həm də şəhəri yerli və əcnəbi turistlər üçün daha baxımlı ermək üçün fayton nəqliyyatından da istifadə edilir.
İkinci bir Şuşa yoxdur və heç vaxt da olmayacaq!
Bu tip şəhərlədə ekologiyanı qorumaq məqsədi ilə şəxsi nəqliyyatdan maksimum az istifadə mühüm şərtlərdən biridir. Belə ki, nəqliyyatın çoxluğu fonunda havaya buraxılan zəhərli tullantılarla yanaşı, şəhərdə səs-küy də əhəmiyyətli dərəcədə artır ki, bu da insanların səhhətinə mənfi təsir edir, onların istirahət imkanlarını məhdudlaşdırır. Məhz buna görə də “ekoloji şəhər”lərdə insanların şəxsi nəqliyyatdan daha az istifadəsini təmin etmək üçün müxtəlif qanun və qaydalar tətbiq edilir. Ancaq praktika göstərir ki, şəxsi avtomobillərdən daha az istifadəni stimullaşdıran ən başlıca faktor bu şəhərlərdə inkişaf etmiş ictimai nəqliyyat sisteminin yaradılmasıdır. Məhz belə bir sistemin yaradılması, ictimai nəqliyyatın yüksək keyfiyyətli fəaliyyəti şəxsi avtomobillərdən istifadəyə marağı əhəmiyyətli dərəcədə azaldır.
Bir sözlə, doğma Şuşamızın mədəniyyətimizin paytaxtı ilə yanaşı, həm də” ekoloji şəhər” statusu daşıması üçün bütün əsaslar mövcuddur. Bu status öz təbiəti ilə insan ruhuna lay-lay deyən, onu ovudan, nağıllar aləminə aparan Şuşaya yalnız və yalnız fayda verə bilər.
Şuşa öz ilahi əzəməti, ecazkar gözəlliyi ilə təbiətin bizə əmanətidir. Bu əmanətə sahib çıxmaq, onu qorumaq bir seçim məsələsi deyil, bir borcdur. Şuşanı hər zaman belə gözəl və füsunkar görmək istəyiriksə, bu borcu vicdanla, tam şəkildə, ən xırda təfərrüatını belə gözardı etmədən yerinə yetirməliyik. Unutmayaq, ikinci bir Şuşa yoxdur və heç vaxt da olmayacaq!
Seymur ƏLİYEV