Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


20/01/2022

Tariximizi dəyişən 20 Yanvar

20 Yanvar faciəsi, Xocalı soyqırımı, Malıbəyli, Quşçular qətliamları kimi qanlı hadisələr müasir tariximizin gedişatına təsir göstərmiş silinməz səhifələrdir.

Müstəqillik tariximiz göstərdi ki, xalqımız bu acılı günlərdən düzgün dərs çıxarmağı bacarıb. 20 Yanvar bizim üçün qəhrəmanlıq nümunəsidir. Xocalıda və Qarabağımızın onlarla yaşayış məntəqəsində erməni terrorçuları tərəfindən başımıza gətirilən dəhşətlər isə qisas anını yaxınlaşdırıb, bu qisası almaq üçün bir stimul rolunu oynayıb. Bütün bunların nəticəsi kimi xalqımız və ordumuz Ali Baş Komandanın ətrafında birləşərək 44 günlük Vətən müharibəsində sözünü deməyə müvəffəq oldu və çörəyimizi yeyib torpaqlarımızda dövlət olan düşmənin tarixi dərsini verməyə bacardı.


Son 30 ildə dünyaya gələn yeni nəsil bu hadisələrin ağrı-acısı və qanlı yaddaşı ilə böyüyüb, tərbiyə olunub, vətənpərvərlik hissləri ilə qisas anını, ata-analarımızın, bacı-qardaşlarımızın qanını alacağı günü gözləyib. Cəmiyyətimizin bütövlükdə Vətən müharibəsinə verdiyi reaksiya dövlətdən, təhsildən, müəllimlərimizdən və ailəmizdən gördüyümüz tərbiyə, aldığımız öyüd-nəsihətin düzgün olduğunu sübut etdi. 20 yanvar terroru şübhəsiz ki, bugünkü qələbələrimizin başlanğıc nöqtəsidir. Zəfərlərimizin əsasını 1990-cı ilin soyuq və qanlı yanvar günlərində sinələrini sovet sisteminin cinayətkar hərb maşınının qarşısında sipər etmiş Vətən övladları qoyublar. Onlar xalqımızın müasir qəhrəmanlıq tarixini ilk yazanlardır. Özünü dərk edən istənilən xalqın başına gələn bu faciədən sonra bir Vətən müharibəsinin olması labüddür. Hansı xalqın ki, buna cəsarəti çatmır, o, mütləq halda tarixin səhnəsini tərk etməlidir. Bəşər tarixində belə hallar onlarladır.

20 Yanvar faciəsi tək bizim deyil, bütün postsovet məkanında yaşayan əhalinin dünyaya baxışını dəyişdirdi. Düzdür, bundan öncə Vilnüsdə, Tbilisidə də eyni ssenarili qətliamlar baş vermişdi, ancaq Qanlı Yanvarın əks-sədası təbii ki, daha miqyaslı idi. Təsadüfi deyildir ki, həmin il Qərbin ictimai rəyi Azərbaycan xalqını “İlin xalqı” kimi qiymətləndirmişdi. Bu baxımdan, 20 Yanvar terroru xalqımızın öz yolunu kardinal şəkildə fərqli istiqamətdə davam etdirməsi baxımından əlahiddə tarixi əhəmiyyətə malikdir.

20 Yanvar və Xocalı kimi faciələr xalqımızın başına hakimiyyətsizliyimizdən istifadə edilərək gətirilib. Azərbaycan xalqının böyüklüyü həm də ondan ibarətdir ki, bu boşluğu cəmi 3 ilə bərpa etməyə müvəffəq oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqımıza qarşı yönəlmiş xarici təcavüzlərə son qoyuldu. Hər birimiz həmin postsovet məkanında bu gün, sovetlərin çöküşündən üçüncü onillik keçməsinə baxmayaraq, nələrin baş verdiyini öz gözlərimizlə görürük. Biz bir xalq olaraq böyüklərimizin 1990-cı ilin yanvarında göstərdikləri qəhrəmanlıq nümunəsini davam etdirməyə müvəffəq olduq. Azərbaycan xalqının ən böyük qələbəsi məncə, budur. Nə qədər ki, xalqımızın bu əzmi yaşayır, bizə heç kim qalib gələ bilməz!

Oxu.az

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ