Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


13/03/2022

Vətən müharibəsində “Dəmir yumruğ”u sayəsində Zəfər qazanan Azərbaycan regional iqtisadi siyasətdə də əsl peşəkarlıq nümayiş etdirir

İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, diplomatiyamızın uğurudur. İmzalanması Azərbaycan ilə İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən Anlaşma Memorandumu mühüm tarixi əhəmiyyətə malik hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

E.Allahverdiyev vurğulayıb ki, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib. Reallaşdırılan layihələr bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm təsir göstərib. “Neft kapitalının insan kapitalına çevrilməsi, təbii sərvətlərdən, həmçinin onlardan əldə edilən gəlirlərdən düzgün istifadə edilməsi, həyata keçirilən mühüm layihələr sayəsində Azərbaycan bir neçə istiqamət üzrə tranzit ölkəyə, mühüm qovşağa çevrilib. Buna nümunə kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi iri neft-qaz layihələrini qeyd edə bilərik. Bu kəmərlər vasitəsilə Azərbaycan, sadəcə, öz neftini, qazını deyil, eyni zamanda, digər ölkələrin enerji resurslarını da beynəlxalq bazara çıxara bilir. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq, bu sahədə rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda irimiqyaslı infrastruktur layihələrini həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər layihələr məhz bu qəbildəndir”, - deyə deputat bildirib.

Diqqətə çatdırılıb ki, bu memorandumla, əslində, Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi. Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq, lazım gəldikdə isə əvəz edəcək bu yeni kommunikasiya bağlantısı Azərbaycanın və onun tərəfdaşlarının imkanlarını xeyli genişləndirəcək, hər hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq. Bu sənədlə Azərbaycan Ermənistanın da yersiz siyasi hesablarını da alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. İqtisadiyyat praqmatizmə və dəmir məntiqə əsaslanır. İqtisadiyyatı güclü olan ölkə hər zaman qalibdir. Vətən müharibəsində “Dəmir yumruğ”u sayəsində Zəfər qazanan Azərbaycan regional iqtisadi siyasətdə də əsl peşəkarlıq nümayiş etdirir.

E. Allahverdiyevin sözlərinə görə, Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri ilə birləşdiriləcək. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədən keçəcək. Tərəflər ərazilərində gündə 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisini öhdəsinə götürür. Tərəflərin qanunvericiliyi ilə müəyyən ediləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq.

Anlaşma Memorandumunun qeyri-müəyyən müddətə bağlanıldığını bildirən deputat bu layihənin regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacağını qeyd edib.

“Hazırkı çətin qlobal vəziyyətdə, Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmentinin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir. Bir sözlə, Azərbaycan diplomatiyasının mühüm qələbəsi olan bu layihə ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq”, - deyə Elnur Allahverdiyev fikirlərini yekunlaşdırıb.


Bakı, 12 mart, AZƏRTAC


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ